1945-ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil olunmuşdur. Muzeyin ilk rəhbəri görkəmli filoloq alim Bilal İbrahimov olmuşdur. Bir necə il ərzində Muzeyə xeyli eksponat toplanmış, 1948-ci ildə ilk ekspozisiya tərtib olunmuşdur. Sonralar muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak etmişdir. 1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeoloqlar – Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov Muzeyə xeyli arxeoloji materiallar vermişlər. Muzeyin uzun müddət direktoru olmuş Firqiyyə Zamanova nəinki, Şamaxı və kəndlərindən , hətta Azərbaycanın hüdudlarından kənarda olan bəzi eksponatların , o cümlədən 1902-ci il Şamaxı zəlzələsi ilə əlaqədar olan sənədlərin Muzeyə cəlb edilməsinə nail olmuşdur. Hazırda Muzey 7000-dən cox eksponata malikdir. Muzeyin foyesində Şamaxı kəndləri və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulmuşdur.Azərbaycan kəndlərində və əyalət şəhərlərində komputerdən istifadə daha geniş yayılmadığından burada məlumatın çatdırılmasında touch screen və monitordan istifadə olunur. Zəngin flora (buradan Maykop cöküntüləri təbəqəsindən (25-35 milyon il əvvəl) daşlaşmış ağac tapılmışdır), fauna (Şamaxı cüyürü ilə məşhurdur), Astrofizika rəsədxanası , (Şamaxı səması dünyada ən açıq səmalardandır), palçıq vulkanları (dünyadakı palçıq vulkanlarının 40 faizi azərbaycandadır) haqqında məlumat və eksponatlar Muzeyin “Diyarşünaslıq” zalında nümayiş etdirilir. Burada Şirvanda yaşayan müxtəlif heyvanların və quşların müqavvaları, Şirvanda əkilib-becərilən bitkilərin herbariləri, müxtəlif minerallar və Şirvana məxsus süxurlar xüsusi vitrinlərdə qoyulmuşdur. Orta əsr Şamaxı şəhərinin Avropalı səyyah – rəssamlar (Adam Oleari, Konreli de Breyn və s.) tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyası ən maraqlı yerlərindəndir.