Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Əsrlərlə davam edən soyqırım
10 Fevral , 2015

XIX əsrdən başlayaraq ermənilər Azərbaycanın cənnət guşələrində -Qarabağ ,İrəvan, Şirvan və s. bölgələrində məskunlaşmağa başladılar .Onlar qədim mədəniyyət beşiyi olan Şamaxıda ən səfalı , bir içim suyu yayın oğlan çağında diş donduran, abi-havası min bir dərdin dərmanı olan –Mədrəsə, Sağiyan , Meysəri, Kələxana , Zarxı və s. yerləri özlərinə “ata-baba ocağı” seçdilər. Bu yerlərdə xalqımızın keçmiş tarixinin izləri indi də yaşamaqdadır. XIX əsrin ikinci yarısından Şamaxıda və onun kəndlərində məskunlaşmış ermənilər başqa ərazilərdə olduğu kimi, rus havadarlarının köməyi ilə müxtəlif idarələrdə bir çox vəzifələrə yiyələnə bilmişlər. Faktlar bir daha göstərir ki, erməni millətçiləri hələ XIX əsrin 70-90-cı illərində müsəlmanlara xor baxmış , yeri gələndə onların əleyhinə təbliğatlar aparmışlar.

 

Bu işdə bəzən də “dost” cildinə girmiş ermənilər çox vaxt da özlərini müsəlmanların dərdinə şərik kimi göstərə bilmişlər. Ən nəhayət XX əsrin əvvələrindən ermənilər müsəlmanlara qarşı açıqdan-açığa ədavətə başlayırlar. İğtişaşlar daha da çoxalır , erməni terrorçuları açıq-aşkar meydana çıxırlar.

1902-ci il zəlzələsi Şamaxını yerlə-yeksan etmişdi. Şəhərdə və onun ətraf kəndlərində minlərlə insan qırılmış, bir çoxları şikəst olmuşdu.

1902-1905-ci illərdə zəlzələnin ağrı-acıları təzəcə unudulurdu ki, Şamaxıda erməni soyqırımı baş verdi. Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, ilk əvvəl, açıqdan-açığa fəaliyyət göstərə bilməyən ermənilər gizlincə Şamaxıda bir çox mülkləri yandırmış , “sünnü və şiyələr”i bir-birinə qarşı qoymaqla müsibətlər törətmişlər. Eləcə də , Şamaxıda olan ermənilər Tiflis, Qazax , Gəncə, Şuşa və Cəbrayılda soyqırımı törədənlərə hər cür maddi , köməklik göstərə bilmişlər. Nəticədə böyük ermənistan xülyasının icraçıları 1905-1907-ci illərdə yüzlərlə azərbaycan kəndini viran qoymuş, əhalisini ev-eşiklərindən didərgin salmışlar. 1917-ci ilin sonu 1018-ci ilin əvvələrindən başlayaraq S.Şaumyanın tapşırıqları ilə Şamaxıda böyük mülk, var-dövlət sahibi olan Stepan Lalayev gizlincə Şamaxıda , eləcə də, Mədrəsə, Kərkənc, Saqiyan, Zarxı, Meysəri kəndlərində yaşayan ermənilərə, həmçinində rus kəndinə - Xilmilli, Qızmeydan, Çuxuryurda gizlincə silah, sursat paylatmış, onları başdan-ayağa silahlandıra bilmişdir. Bu böyük faciəyə hazırlıq idi.

Nəhayət həmin faciə baş verdi . Bu faciə 31 mart Şamaxı soyqırımı idi. Bolşevik bayrağı altınta üçüncü dəfə Şamaxıya daxil olan erməni yaraqlıları şəhəri yenidən ələk-fələk etdilər. Şəhərdə az-çox salamat qalmış tikililər yenidən oda qalandı. Şəhərin yaxınlığında olan qəbiristanlıqlar təhqir edildi. Məscidlər , mədəniyyət abidələri daxıdılıb yandırıldı, dinc əhali Cümə Məscidinin içərisinə doldurularaq diri-diri vəhşicəsinə yandırıldı.

   Hal-hazırda bu faciənin ürək ağrıdan qanlı izləri indi də Cümə Məscidinin divarlarında yaşayır. Bolşevik ordusu Ağsu-Göyçay tərəfə istiqamət aldı. Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman əhalisini ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başladılar. Erməni silahlı qüvvələri, əgər, Bakıdan Şamaxıya üç günə gəlib çıxmışlarsa, onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar.

Ən nəhayət, erməni daşnakları İsmayıl xan Ziyadxanovun dəstəsi ilə qarşılaşırlar. Bu döyüşdə S.Şaumyanın “erməni- bolşevik” ordusu qələbə çalır. Bu qələbə münasibəti ilə S.Şaumyan , Moskvaya V.İ.Leninə müjdə göndərir.

Bu “böyük qələbə” Şamaxıda 4 minə yaxın dinc əhalinin qəsdən qətli (o cümlədən , 1653 qadın, 965 uşağın, yandırılan , talan edilən 58 kənddə isə 3204 nəfər kişi , 1979 nəfər qadın , 959 nəfər uşağın məhv edilməsi ) hesabına başa gəlir. Qətlə yetirilənlərin sayı düzgün dəqiqləşdirilməmişdir. Ona görə də mənbələrdə Şamaxıda qətlə yetirilmiş insanların sayı barədə fikir müxtəliflikləri mövcuddur. Məsələn bir mənbədə oxuyuruq: “ Şaumyan cəlladları Şamaxı uzeydində qanlı faciələr törətdi. Şamaxı şəhərindən yalnız xarabalıqlar qalmışdı. 15 minlik əhalisi qılıncdan keçirildi. Az hissəsi bu faciədən qaçqınlıqla başını qurtara bildi.”

Başqa bir mənbədə göstərilir ki, şəhərində təqribən, 8-12 min, bütövlükdə Şamaxı qəzasında isə , 40 minə qədər insan qətlə yetirilmişdir. Çox təəsüflər ki, onların yalnız 12 min nəfəri qeydə alınmışdır.

Göründüyü kimi sənədlərdən də erməni terrorçularının Şamaxı və onun kəndlərində qətlə yetirdikləri günahsız insanların sayını dəqiq müəyyən etmək mümkün deyildir. Amma ötən əsrin 90-cı illərindən bəri apardığımız ciddi araşdırmalar nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar ) müəyyən edilmişdir ki, erməni cinayətkarları- S.Şaumyan, S.Lalayan , Z.Arestisyan , T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının iştirakı ilə Şamaxı şəhərində təqribən , 14-16 min , onun 40 kənd və obalarında (bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki kəndlər) 6-8 min nəfəri qətlə yetirmişlər. Şamaxı şəhəri,onun kənd və obalaraından didərgin , qaçqın düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur.Mənbələrdə bu qırğın zamanı Şamaxı qəzasında 58 kəndin yerlə-yeksan edildiyi, yandırıldığı haqqında məlumat verilir. Həmin siyahıya faciə törədilmiş bəzi kənd və obaların adı düşməmişdir. Həmin kənd və obaları da siyahıya daxil edəndə məlum olur ki, 1918-ci il soyqırımı zamanı Şamaxı qəzasının 90-a yaxın , rayonun isə 40-dan artıq kənd və obası faciəyə məruz qalmışdır.  

 

       

        SSRİ-nin süqutu  ermenilərə dünyadakı  havadarları ilə  birləşməyə  böyük  imkan  verdi. Odur  ki, 1988-ci  ildən  respublikamızın  ərazilərini  zəbt  etməyə  başladılar. Doxsanıncı  ildən sonra  torpaqlarımızın 20%-dən  çoxunu  işğal  etdilər, minlərlə  dinc  əhali qətlə yetirildi, ata-baba torpaqlarımızdan didərgin düşdü, yüzlərlə  insanlar əsir götürüldü. Vətən  qədri  bilən  oğullarımız  silaha  sarıldı, torpqlarımızın müdafiəsinə  yollandı. Bu  ədalətsiz  müharibədə   yüzlərlə  eloğlumuz  şəhidlik  köynəyi  geydi. Həmin  şəhid  oğullar arasında Şamaxının  da  say-seçmə övladları  vardır. Bir  sözlə “1918-ci  il  soyqırımından düz 72 il  sonra  erməni terrorçuları  Şamaxının sinəsinə  yenidən  övlad  dağı çəkdilər.   Azərbaycanın  ərazi  bütövlüyü uğrunda  müharibədə 67 nəfər  şəhid  olub 10 nəfər  isə  itkin düşmüşdür. Azərbaycanın bütün  qəhrəman övladları  kimi Şamaxı  şəhidləri də  heç vaxt unudulmur, yaddan  çıxmır.