Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Rayon haqqında
9 Fevral , 2015

       Şamaxı  rayonunda son illər tikinti-quruculuq işlərinin geniş vüsət alması rayonun  turizm sektorunun inkişafına da müsbət təsir edir. Şəhərdaxili küçələrə və  yollara asfalt döşənəndən, yeni işıqlandırma sistemi quraşdırılandan, səkilər  abadlaşdırılandan və digər quruculuq işləri görüləndən sonra Şamaxının görkəmi  daha da müasirləşib.  25 kilometrlik Şamaxı-Pirqulu yolunun yenidən qurulması,  Pirsaat çayı üzərində uzunluğu 158 metr olan körpünün salınması və digər  yenidənqurma tədbirləri qədim şəhərin abadlığını artırmaqla yanaşı, insanların  rahatlığına da zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən  Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir  verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə  artır. Təkcə  ötən il Şamaxıya 66920 yerli  və xarici turist gəlib. Builki turistlərin sayı isə, son məlumata görə, 22100-ü keçib, onun 1320  nəfəri xarici ölkələrdən - İrandan, Türkiyədən, Almaniyadan, Rusiyadan gələnlərdir. Şamaxının ölkə paytaxtına yaxın olması da həm yerli, həm də xarici  turistlər üçün çox əlverişlidir. Rayon Mədəniyyət və turizm şöbəsinin aparıcı məsləhətçisi Rəfael Tağızadənin verdiyi məlumata görə, rayonda 22 turizm obyekti və 5 turist marşrutu fəaliyyətdədir. Şərədil kəndi yaxınlığında   istirahət mərkəzinin əlavə korpusu da inşa edilir.   Dədəgünəş kəndi ərazisində müasir  istirahət mərkəzi fəaliyyət göstərir. Bir ilə yaxındır ki,  mehmanxanası əsaslı təmir edilir.  istirahət  mərkəzləri qonaqların yolunu gözləyir.  Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, hazırda əsaslı təmir-tikinti  işləri görülən Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan  yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər  kəndindəki XII əsr kurqanları, VIII-XV  əsrlərə aid Gülüstan qalası  və ən nəhayət, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd  qalası (Buğurd qalası da deyilir) qonaqların yaddaşında unudulmaz  səhifələrə çevrilir.   Şamaxı  bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlədə bilmirlər.  Elə Naxaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlar da onlardan geri  qalan deyil. Bu bulaqların suyu müalicə  baxımından da çox  əhəmiyyətlidir.   Şamaxıda yay və qış turizmi, həmçinin kənd  yaşıl turizmi daha çox inkişaf edib.  Son vaxtlar atçılıq  turizminə də diqqət artırılıb. Maraqlı yerlərə atla  gəzintilər turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və ayrı-ayrı rayonlardan gələnlər Şamaxının turizm  həyatını daha da  canlandırırlar.Qeyd etmək yerinə düşər ki, rayonun milli  mətbəxi də qonaqların marağına səbəb olur. Ötən illə  müqayisədə xidmət sahələrində 5-7 faiz endirim olması da, yəqin ki, turistlər üçün az əhəmiyyət daşımır.   Bu  yaxınlarda turizm xidməti ilə əlaqədar Bakıda  keçirilən beynəlxalq sərgidə istirahət mərkəzləri təmsil edib.    Belə tədbirlərin keçirilməsi turizm sektorunda müasir servis xidmətinin inkişafına da  təsir edir.     Şamaxı Turizm İnformasiya Mərkəzində xarici dil bilən mütəxəssislər  fəaliyyət göstərirlər. Onların xidmətindən Ağsu və Qobustan rayonları da yararlana bilir. Rayonun  muğam ifaçıları, aşıqlar qrupu,  el sənətkarları vaxtaşırı qonaqlar  qarşısında maraqlı proqramlarla çıxış edirlər. Turistlər xalq sənətkarlığı nümunələri ilə, xalça və tikmələrlə, o cümlədən usta Fərəcin misgərlik işləri ilə tanış olmağı da unutmurlar.

Foto Qalereya