Qədim tarixə, füsunkar
təbiətə, əlverişli iqlimə malik, özünəməxsus adət-ənənələri, milli mətbəxi,
tarix və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri ilə məşhur olan Şamaxı
bütün fəsillərdə yerli və xarici turistləri özünə cəlb edir.
Şamaxıda son illər müasir turizm
infrastrukturunun yaradılması istiqamətində görülən işlər, ənənəvi olaraq hər
il keçirilən respublika səviyyəli tədbirlər turistlərin bu qədim diyara olan
marağını daha da artırmışdır. Turizm istirahət mərkəzləri,
otel və mehmanxanalarla yanaşı, fərdi evlərdə qalmaq istəyənlər üçün də hər cür
şərait yaradılmışdır. Bundan əlavə, yeni turizm obyektlərinin yaradılması
istiqamətində də iş aparılır. Hazırda Şamaxı rayonunun ərazisində 3 beşulduzlu
otel, 22 istirahət mərkəzi mövcuddur. Son vaxtlar bölgənin füsunkar guşəsində
“Dəmirçi” istirahət mərkəzi fəaliyyətə başlamışdır, “Pirqulu” otelinin
tikintisi isə davam etdirilir.
Təsadüfi deyil ki, ötən il Şamaxıya
90422 nəfər yerli və xarici turist gəldiyi halda, cari ilin doqquz ayında gələn
turistlərin sayı 94700 nəfərdir. Təkcə yay turizm mövsümündə bölgəyə 67352
nəfər yerli və xarici turist gəlmişdir.
Prezident cənab İlham Əliyevin
turizm sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində həyata keçirilən
islahatlar respublikamızda bu sektorun inkişafına səbəb olmuşdur. Son illərdə
Azərbaycana səfər edən turistlərin və daxili turizmdən istifadə edən ölkə
vətəndaşlarının sayının artımı turizmin ölkə iqtisadiyyatında əsas fəaliyyət
növlərindən biri kimi böyük potensiala malik olduğunu göstərir. Prezident cənab
İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan
Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı
respublikamızda, o cümlədən Şamaxıda bu sahənin daha dinamik
inkişafına yeni imkanlar açır.