Şamaxı rayon Mərkəzi kitabxanası

Şamaxı rayon MKS
Rayon haqqında
28 Sentyabr , 2015

Astrofizika rəsədxanası

Mərkəzdən 22 km aralı, Pirqulu dağının şimal yamacında, dəniz səviyyəsindən 1435 metr yüksəklikdə salınıb. Nəsrəddin Tusinin adını daşıyan bu elmi mərkəz 1962 – ci ildən fəaliyyət göstərir. Rəsədxana qurularkən aydın gecələrin sayca çox olması əsas şərtlərdən biridir.Akademik Yusif Məmmədəliyevin başçılığı ilə aparılan 4 illik araşdırmadan sonra astrofizika rəsədxanası üçün ən ideal hava şəraitinin Pirquluda olduğu ortaya çıxıb. SSRİ məkanında ən böyük teleskop buradadır. Güzgüsünün diametri 2 metrə bərabərdir. Avadanlıqlar Almaniyadan gətirilib. Bütün ulduzlar, planetlər və günəş ərazidəki gecə – gündüz çalışan 6 rəsədxanada müşahidə edilir. 

 

Cümə məscidi (VIII əsr)

Qədim şəhərin mərkəzində, indiki rayon girişində yerləşən məscid qeyri – standart quruluşa malikdir. Orta əsr Avropa universitetlərinə bənzəyən məscidin 4 minarəsi var. 3 yarusdan ibarətdir. Vaxtilə şəhərdə 36 məscid olsa da, tez – tez baş verən zəlzələlər nəticəsində hamısı dağılıb. Sağ qalan tək məsciddir. Yaxın Şərqin mühüm dini mərkəzlərindən biri kimi fəaliyyət göstərən Şamaxının ən möhtəşəm bu tarixi – dini abidəsi, Cənubi Qafqazın görkəmli abidələri siyahısındadır. Zaqafqaziyanın ilk məscididir. Alman astronomu, filosof və coğrafiyaşünası Adam Oleari yazırdı: ”Şamaxıda 1637-ci il fevralın 5-də mən bizim bir neçə adamla birlikdə… quruluşca çox yaxşı tikilmiş… bir binanın həyətindən keçirdik. Bu binada çoxlu kişi otaqları var idi. Burada əllərində kitab tutmuş bir çox gəzişən və ya oturmuş yaşlı və ya azyaşlı adamları gördükdə buranın nə olduğunu soruşduq; öyrəndik ki, bu, mədrəsədir, yəni gimnaziya və ya akademiyadır.”  

Ərəblər işğal etdikləri ölkələrdə İslamı yaymaq üçün ilk iş olaraq məscid inşa edirdilər. VII əsrdə Azərbaycana gələn ərəblər Qafqazdakı ilk məscidi 733 – cü ildə Dərbənddə, ikincisini isə 743 – cü ildə Şamaxıda tikdilər. Ərəblər ilk dəfə şəhərdə çox da böyük olmayan məscid inşa etmişdilər. 1902 – ci ildəki zəlzələdən sonra yaradılmış xüsusi komissiya burada qazıntı – araşdırma işi apararkən məsciddən qabaq bu yerdə Atəşgah və İslama qədər dini mərasimlərə aid elementlər aşkarlandı. Bütün bunlar məscidin atəşgah üzərində inşa olunduğunu təsdiq edir. Dövrümüzə gəlib çıxan Cümə məscidi 1902 – ci ildə memar Zivərbəy Əhmədbəyovun layihəsi ilə qədim məscid özülü üzərində tikilib. Cümə məscidi tarixin ən böyük yarasını 1918 – ci il martın 18 – də aldı. Həmin gün erməni daşnaklar şəhərin ən hündür təpəsində yerləşən Lalayanlar məhəlləsindən məscidi top atəşinə tutdular. Mərmilərin izləri hal – hazırda da qalmaqdadır.


Gülüstan yoxsa Qız Qalası? 

Xalq arasında Qız qalası adı ilə məşhurdur. Gülüstan adlandırılmasını bəziləri onun ətrafının təbii şəraiti ilə əlaqələndirirlər.Doğrudan da, Gülüstanın yerləşdiyi dağın ətəkləri, xüsusilə onun cənub, şərq, şimal ətəkləri bahar və payız fəsillərində müxtəlif gül və bitkilərlə dolu olur. Əfsanəvi Gülüstan qalasından bu günə yalnız bəzi bürclər qalıb. Xarabalığı xatırladan ərazisi təbii olaraq ilan yuvasıdır. Ona görə də yayın qızmar vaxtına yuxarıya çıxmaq məsləhətli deyil.

 

Pirqulu qəsəbəsi 
 

Mərkəzdən 12 km şimal – şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir.Mükəmməl təmiz və quru havası var. Sovet vaxtı ərazidə turizm bazaları tikilib. Son illərdə turizm xidmət obyektlərinin, otellərin sayı sürətlə artır. Otellər bahalı gəlirsə, çadır qurub qoruq ərazisində dincəlmək mümkündür. İlanlardan qorxanlar üçün bu metod tövsiyyə edilmir, çünki Şamaxı, o cümlədən Pirqulu ərazisi ilanları ilə də məşhurdur.

 

Kələxana türbələri (XIV – XVII əsrlər)


Kələxana kəndi XVII əsr türbələr kompleksi ilə məşhurdur. Hündürlüyü və formaları eynidir. Hamısı səkkiz guşəlidir. Əvvəl 9 olan türbələrdən bir dənəsi tamamilə dağılıb. Birincisi 1663 – cü ildə tikilib. Ərazi vaxtilə Şirvanşah hökmdarlarının ailə məzarlığı olub.Üzərində ərəbcə yazılar olan sənduqələr XIV əsrə aiddir. Buna istinad edərək kənddə həyatın hələ o zamanda mövcud olduğunu söyləyirlər. Kələxana ərazisi çölü xatırladır. Yaşıllıq çox azdır. Yayda quraqlıq olur. Gün istisinin qovurduğu Kələxana susuzluqdan əziyyət çəkir. Dəhşətli dərəcədə su sıxıntısı yaşamalarına rəğmən ərazini tərk etmir, çox qəribədir ki, kəndə su da çəkmir, beləcə yaşamağa davam edirlər.

 Gülüstan qalası (IX – XI əsrlər)

Şirvanşahların iqamətgahı və strateji əhəmiyyətli hərbi müdafiə məntəqəsi olub. Şəhərdən 3 km şimal – qərb tərəfdə, 200 metr sıldırım dağ zirvəsində tikilib. Qalaya ən əlverişli yol cənub tərəfdəndir. Buna Şamaxı Qız qalası da deyirlər. Nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur. Buna Axsitan qalası da deyirlər.1174 – 1202 – ci illər arasında baş vermiş zəlzələdən sonra Axsitan tərəfindən yenidən bərpa edildiyinə görə onun adı ilə şöhrətlənib. Qalaya maksimum bir saatda piyada çıxmaq mümkündür. Üstündən ətrafa mükəmməl mənzərə açılır. Ən gözəl Şamaxı panoramı buradan seyr edilir. Keçmiş zamanlarda bir təhlükə olanda qalanın ən yüksək zirvəsində tonqal qalanaraq ətrafa xəbər verilərmiş. İndi də eyni yerdə yalnız ildə bir dəfə tonqal qalanır.Novruz bayramı günü Gülüstan qalasına çıxan gənclərin qaladığı tonqal el – aləmə yazın, baharın gəldiyini xəbər verir. IX – XI əsrlərdə Şa¬maxı şəhəri Gülüstan qalası ilə müdafiə olunub. XIV – XV əsrlərdə qədim Şa¬maxı qala divarları ilə yanaşı Gülüstan qalası da Şirvan hökmdarlarının əsas müdafiə məntəqəsi olub. Gülüstan qalası Şah İsmayılın fəth edə bilmədiyi qala kimi tarixə düşüb. Şirvanı ələ keçirən Səfəvilər dəfələrlə Şamaxıya hücum etsələr də Gülüstan qalasını ram edə bilməyiblər. Uğursuzluqla nəticələnən növbəti hücumdan sonra əsgərlərinin ümidsiz vəziyyətini görən gənc hökmdar qəzəblənib və deyib:

- Sizə Şirvan lazımdır yoxsa qala? Şamaxını ələ keçirək, ətrafdan dəstəyini itirən qala bir müddət sonra özü təslim olacaq.
XVII – XVIII əsrlərdə odlu silahların, xüsusilə topun meydana gəlməsi ilə əlaqədar Gülüstan və buna oxşar qalalar öz əhəmiyyətini itirməyə başlayır. Bu dövrdə Gülüstan qalası Şamaxı hakimlərini istidən qorumaq üçün müvəqqəti yaşayış yerinə çevrilir.


Pir Mərdəkan türbəsi (XII–XIII əsrlər)


Şamaxıdan 6 km cənub – şərqdə, Göylər kəndi ərazisində yerləşir. Kəndin ən məşhur abidəsi qədim qəbirstanlıqdakı Pirmərdəkan türbəsi hesab edilir. Şirvanşah I İbrahimin qəbrinin burda olmasını əsas gətirərək türbənin tarixini XII əsrə aid edirlər.Türbə Şeyx İmam Mərdəkaninin məzarı üzərində salınıb. İki hissədən ibarət mavzoleyin hündürlüyü 9 metrdir. İçəridəki məzarı müxtəlif yerlərdən insanlar ziyarətə gəlir, nəzir – niyaz verir, müxtəlif niyyətlərlə burada dua edirlər. Abidənin adının Bakının Mərdəkan kəndi ilə heç bir əlaqəsi yoxdur. Kənddəki tək məscid XIX əsrdə inşa edilib.


İmamzadə


Şəhərin mərkəzində, Cümə məscidinin yaxınlığında, İmamlı küçəsindəki İmamzadə məscid – kompleksi Şamaxının ən qədim abidələrindəndir. Burada IV imam Zeynalabdin övladlarından biri Əlləma Seyid Məhəmməd Saleh Əl Müdərris dəfn edilib.Əsası 1370 – ci ildə qoyulub. 1910 – 1917 – ci illərdə şamaxılı məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilib. 1918 – ci ilin mart qırğınında erməni daşnaklar İmamzadənin içərisinə 200-ə yaxın insanı dolduraraq diri – diri yandırıblar.